İtaliya "Napoli"sinin baş məşqçisi Luçano Spalettiyə oğurlanmış avtomobilinin qaytarılacağı söz verilib.

"Sport Mediaset"in məlumatına görə, bu, 63 yaşlı mütəxəssisin istefası təqdirində gerçəkləşəcək.
Spalettinin "Fiat Panda" markalı maşını 2021-ci ilin oktyabrında Neapolda yaşadığı otelin parklama sahəsindən aparılıb. İndi oğrular "Napoli"yə məxsus stadion önünə "16-10-21. Spaletti, getsən, maşınını qaytaracağıq" yazılmış banner yerləşdiriblər.
Daha əvvəl klub prezidenti Aurelio De Laurentis gələn mövsüm də hazırkı baş məşqçi ilə davam edəcəklərini açıqlayıb.
Qeyd edək ki, "Napoli" mövsümün sonuna 2 tur qalmış A Seriyasında 3-cü yerdə gedir. Neapol komandası çempionluq mübarizəsindən çəkilsə də, Çempionlar Liqasına vəsiqəni təmin edib.