“Legiya” azarkeşlərinin hücumuna məruz qalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən həkimə müraciət edib. 

 Polşa mətbuatının məlumatına görə, 24 yaşlı forvard hadisədən sonra beyin silkələnməsi keçirib-keçirmədiyini yoxlamaq üçün xəstəxanaya yollanıb. Həmyerlimizin aldığı zərbə səbəbindən başında şiş aşkarlanıb. Eyni zamanda onda başağrısı da olur. Bu səbəbdən həkim ehtiyatlı davranmağı, bir neçə gün məşqlərə qatılmamağı məsləhət görüb. 

 Azarkeş hücumu nəticəsində xəsarət alan Emreli və Lukinyasın durumu ilə “Legiya” rəhbərliyi də ciddi maraqlanır. Varşava klubunun sahibi Dariuş Mioduski və idman direktoru Radoslav Kuçarski də hər iki futbolçu ilə fərdi şəkildə görüşüb. 

 Qeyd edək ki, Polşa KİV-i Mahir Emrelinin “Legiya”dan ayrılmaq istədiyini və vəkillərinin müqaviləyə xitam verməyin yollarını axtardıqlarını yazıb.