Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq. 

 Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq və canlifutbolaz.com saytında canlı yayımlanacaq.  

Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycan vitse-çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq. Lakin bu komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikinci olacağı dəqiqləşəcək. Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. Qrupunda ikinci yeri tutanlar, o cümlədən “Qarabağ” səpələnmişlər sırasındadır. Avropa Liqasından üçüncü yer sahibi kimi bura yuvarlananlar səpələnməmişlər səbətindədir. Pley-offun ilk matçları da səpələnməmişlərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz. 

 Səpələnmişlər 
“Bodo Qlimt” (Norveç) 
“Makkabi” (Təl-Əviv, İsrail) 
PAOK (Yunanıstan) 
“Partizan” (Serbiya) 
“Qarabağ” (Azərbaycan) 
“Randers” (Danimarka) 
“Slaviya” (Çexiya) 
“Vitess” (Niderland)/
“Tottenhem” (İngiltərə) 

 Səpələnməmişlər 
“Seltik” (Şotlandiya) 
“Fənərbaxça” (Türkiyə) 
“Lester” (İngiltərə) 
“Marsel” (Fransa) 
“Midtülland” (Danimarka) 
PSV (Niderland) 
“Rapid” (Avstriya) 
“Sparta” (Çexiya) 

 Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.