"Galatasaray" Türkiyə Superliqasının XVIII turu çərçivəsində bu axşam "Adana Dəmirspor"un qonağı olacaq. Vacib oyun ərəfəsində "sarı-qırmızılar"ın motivasiyası "yox" səviyyəsindədir. 

 "Milliyyet" qəzeti "Galatasaray"lı futbolçuların aylarla maaş ala bilmədiklərinə görə üsyana qalxdıqlarını iddia edib. İstanbul klubunda böyük narazılıq yaşandığı bildirilib. Komandada yalnız bəzi futbolçuların, xüsusən də əcnəbi oyunçuların maaşlarını müqavilələrinə uyğun olması digər yerlilərin etirazına səbəb olub. Məsələ o həddə çatıb ki, klub prezidenti Burak Elmas problemlə əlaqədar bazar günü "Florya Metin Oktay Təsisləri"nə gedib və futbolçularla görüşüb. Elmasın ən yaxın ödəniş üçün mart ayını göstərməsi "sarı-qırmızılar" tərəfindən birmənalı qarşılanmayıb. 

 Maaşları gecikdirilən yerli futbolçular lirə ilə bağlı məzənnə dəyişikliyinin onlara mənfi təsir etməsindən şikayətləniblər. Portuqaliyanın "Famalikao" komandasından icarəyə götürülən, lakin heyətə düşə bilməyən Assunçaonun gəlirinin türk futbolçuların çoxundan yüksək olması da vurğulanıb. 21 yaşlı braziliyalı yarımmüdafiəçinin qazancı illik 450 min avroya bərabərdir. 

 Onsuz da meydandakı nəticələri ürəkaçan olmayan "Galatasaray"da iqtisadi böhranın necə yoluna qoyulacağı maraq doğurur.