Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Lionel Messi İspaniyanın "Barselona" klubuna idman direktoru kimi qayıtmaq istədiyini bildirib.

Bu barədə “Sport.es” məlumat yayıb.

"Mən həmişə demişəm ki, əgər kluba bacardığım qədər kömək edə bilsəm, çox şad olaram. İdman direktoru olmaq istəyirəm. Bilmirəm, bu "Barselona"da baş verəcək, ya yox. Amma belə bir şey mümkünsə, kömək etmək üçün geri qayıtmaq istərdim, çünki sevdiyim klubdur və o, qaydasında olsa, çox xoşbəxt olacam", - agentlik Messidən sitat gətirib.

Avqustun 10-da PSJ Lionel Messi ilə müqavilə imzaladığını rəsmən elan edib. Müqavilə 2023-cü ilə qədər qüvvədədir. Fransanın "L equipe" nəşrinin məlumatına görə, argentinalı ilk ildə 30 milyon avro qazanacaq. Məbləğ yaxın iki ildə bonus sayəsində 10 milyon avro artacaq.

Messi Kataloniya klubunun yetirməsidir. O, 2004-cü ildə əsas komandada debüt edib. Hücumçu komanda ilə birlikdə 35 titula sahib olub. Forvard 6 dəfə “Qızıl top”u qazanıb. Messi ötən mövsüm İspaniya çempionatında 35 matçda iştirak edib, 30 qol vurub və 9 məhsuldar ötürmə edib.