Kriştiano Ronaldonun sabiq komandası “Juventus”la müqaviləsinin maliyyə detalları araşdırılır.

Turin klubunun ötən il pandemiya dönəmində portuqaliyalı superulduza ödənişləri maliyyə hesabatlarına əlavə etmədən ödədiyi iddia olunur.

İstintaq 2020-ci ilin mart-aprel aylarına əsasən aparılır. “Qoca sinyora”nın koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarını azaltması və təxirə salması ilə bağlı telefon danışıqları ələ keçirilib. Ronaldonun müqaviləsindəki məbləğlə telefon danışığında deyilən rəqəmlər müqayisə edilir. A seriyası təmsilçisində illik qazancı 31 milyon avro olan Kriştiano Ronaldo bu yay “Mançester United”ə keçib.

Qeyd edək ki, “Juventus” rəhbərliyi 2018-2021-ci illərlə bağlı yalan məlumat verməkdə şübhəli bilinir. Onların 50 milyon avroluq maliyyə məlumatlarını saxtalaşdırdıqları iddia olunur. Bu məsələ təsdiqini taparsa, klub B seriyasına göndərilə bilər.