"Mahir Emreli ardıcıl neçə oyundur ki, fərqlənə bilmir. Lakin o, çox yaxşı və təhlükəli hücumçudur. İnanıram ki, bazar günü "Poqon"la oyunda çoxlu qol şansları yaranacaq və öz ustalığını göstərəcək".

Bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Marek Qolebiyevski klubun rəsmi saytına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis "Pyast"a 1:4 hesabı ilə uduzduqları XII tur matçının 4-cü dəqiqəsində Emrelinin ardıcıl iki dəfə dirəyə zərbə vurduğu epizodla bağlı danışıb: "Mən də həmin mövqedə oynamışam. Bu anı unutması üçün onu sakitləşdirdim. Hücumçu boşa çıxan fürsətləri düşünərək yaşaya bilməz. Beyni təmiz olmalı və növbəti imkandan istifadə edəcəyi barədə müsbət düşünməlidir”.

Qolebiyevski 24 yaşlı hücumçuya güvəndiyini və onun yenidən qolları sıralayacağına əmin olduğunu söyləyib: "Qara zolaq"dan danışmaq istəmirəm. O, bir qol vursa, ardı gələcək. Çox yaxşı futbolçudur. Mahir həqiqətən arzuları olan və iddialı gəncdir. Bəzən isə həddindən artıq istəyəndə işlər pisləşir. Onunla danışdım və dedim ki, növbəti 10 şansının hamısını qolla tamamlayacaq. Elə olur ki, topun niyə qapıya getmədiyini biz də bilmirik".

Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək "Legiya" - "Poqon" qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cari mövsüm Varşava təmsilçisində 23 görüşə çıxan Mahir Emreli 10 qola imza atıb.