Polşa saytı Emrelidən yazdı: "Ekstraklassada parlaq oyun görməmişik"

Polşanın "Sport Wprost" portalı Ekstraklassa klublarına cəlb olunan ən yaxşı legionerlərin "10"luğunu açıqlayıb. 

"Legiya"da çıxış edən millimizin hücumçusu Mahir Emreli siyahıda ikinci yerdə qərarlaşıb. 

"Sport Wprost"da Emreli haqda yazılan qeydləri təqdim edirik:

"Ötən mövsüm 22 liqa oyununda 18 qol vuran futbolçu dəvət edirsinizsə, ona böyük ümidlər bəsləməlisiniz. O, Azərbaycan Premyer Liqasında bunu bacarıb. Lakin Extraklassada hələ ki, Emrelidən parlaq oyun görməmişik. Avrokuboklarda isə futbolçu "Legiya"nı çiyinlərində gəzdirir. Çexiyanın "Slaviya" klubu ilə iki görüşdəki (2: 2, 2: 1) üç qolu sayəsində klubu Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. Sürətlidir, çevikdir və zərbə endirmək lazım olduğu halda lazımsız hərəkətlər etmir. Bir sözlə, "Legiya"da uğur qazanmaq üçün hər bir keyfiyyətə sahibdir. Qeyd edək ki, azərbaycanlı futbolçu Polşa çempionatının onun üçün daha güclü turnir olduğunu gizlətmir".

Xatırladaq ki, Mahir Emreli "Legiya"nın heyətində rəsmi oyunlarda 4 qolla yadda qalıb. Onlardan birini Polşa Superkubokunda, qalan 3-nü isə Avropa Liqasının təsnifat mərhələsində vurub.




Post a Comment

0 Comments