Daha bir futbolçudan "Barselona"ya ittiham

 "Barselona"nın sabiq müdafiəçisi Emerson "Tottenhem"ə keçidindən danışıb.

Futbolçu "Marca"ya açıqlamasında əslində klubunu tərk etmək niyyətində olmadığını bildirib.

"Düşünürdüm ki, klub məni saxlamaq istəyir. Bazar günü start heyətdə meydana çıxdım, səhəri gün isə oyanıb məşqə gəldim. Sonra qəribə şeylərin baş verdiyini hiss etdim. Məndən gizli şəkildə haqqımda müzakirələr gedirmiş. Heç nə başa düşmürdüm. "Tottenhem" və "Barselona" arasında danışıqların getdiyini eşidirdim. Ancaq yenə də nə olduğunu başa düşmədim. Mənə heç kim heç nə demirdi. Futbolçu ilə belə davranmaq olmaz.

Günortadan sonra klubdan mənə zəng vurub satmaq istədiklərini dedilər. Rəhbərliklə görüşdüm. Dedilər ki, klubda vəziyyət çox da yaxşı deyil və çətin bir vaxta düşmüşəm, ona görə də məni satmağı məsləhət görüblər. "Barselona"da oynamaq arzusunda olduğum üçün qalmaq istədiyimi təkrarladım. Ancaq sonra başa düşdüm ki, sözlərimin heç bir əhəmiyyəti yoxdur - istənilən halda məni satacaqlar. Klub məni incitdi. Məncə, rəhbərlik fərqli hərəkət edə bilərdi", deyə Emerson yaşadıqlarından bəhs edib. 

Xatırladaq ki, 22 yaşlı futbolçu ötən iki mövsümü icarə əsasında "Real Betis" klubunda keçirib.


Fanat.az

Post a Comment

0 Comments