Yaş qrupları üzrə ən bahalı 10 transfer

 Avropa klubları hər transfer dönəmində heyətlərinə əl gəzdirir, yeni oyunçular alırlar.

Artıq bəzi komandalar gələcəyə yatırım məqsədilə gənclərə üstünlük verirlər.

Bu üzdən son illər gənc futbolçuların transfer dəyərləri də yüksəlib. Bu yazıda isə müxtəlif yaş qruplarında olarkən ən baha qiymətə transfer olunan futbolçulara nəzər yetirəcəyik.


U-15: Fran Merida – 3,2 milyon avro
2005/06 mövsümündə “Arsenal”a keçən ispaniyalı yarımmüdafiəçi “topçular”ın U-18 komandasında özünü çox göstərə bilmədi. Hazırda La Liqa-2-də “Espanyol”un formasını geyinir.


U-16: Pietro Pelleqri – 20,9 milyon
2017/18 mövsümündə “Monako”ya üz tutan hücumçu bu mövsüm 15 oyunda 1 qol vurub. Hələ çox gəncdir, bu üzdən ona ümidlər böyükdür.


U-17: Aleşandre Pato - 24 milyon
“Milan”a keçəndə həmin dövrün ən potensiallı futbolçusu sayılırdı. “Rossonyerlər”in heyətində 150 oyunda iştirak etdi, 63 qol, 18 məhsuldar ötürmə ilə yadda qaldı. Ancaq ardıcıl zədələr gözlənilən partlayışı etməsinə mane oldu. Pato hazırda MLS-də “Orlando”nun formasını geyinir.


U-18: Vinisius Junior & Rodriqo - 45 milyon
2018-ci ildə Vinisius, bir il sonra isə Rodriqo 45 milyon avroya “Real”a keçdi. Hər ikisi “kral klubu”nun əsas komandasındadır. Ancaq hələ də arzulanan səviyyədə çıxış etmirlər.


U-19: Kilian Mbappe - 145 milyon
“Monako”dakı parlaq performansla bütün dünyanın diqqətini çəkən Mbappe 2018-ci ildə 145 milyon avro müqabilində PSJ-nin yolunu tutdu. Artıq dünyanın ən yaxşıları sırasına düşməyi bacaran fransalı forvard ona xərclənən pulun qarşılığını artıqlaması ilə verir.


U-20: Usman Dembele - 135 milyon
2017-ci ildə Neymarı PSJ-yə satan “Barselona” boşluğu doldurmaq üçün Dortmund “Borussiya”sından Dembeleni transfer etdi. Ancaq ardıcıl zədələr səbəbindən fransalı hələ də ümidləri doğrulda bilməyib.


U-21: Neymar – 88,2 milyon
Gənc yaşlarında Pelenin davamçısı adlandırılan Neymar 2013-cü ildə “Santos”dan Avropaya “Barselona” üçün yollandı. “Sambaçı” 4 ildə 4 kubok qazandıqdan sonra PSJ-yə keçdi.


U-23: Pol Poqba - 105 milyon
“Mançester Yunayted”in pulsuz göndərib 105 milyon avroya qaytardığı Poqba həmin vaxtın ən bahalı transferi olmuşdu. Cari mövsümün əvvəlində zəif təsir bağışlasa da, heyətdəki yerini yenidən geri aldı.


23-30 yaş arası: Neymar - 222 milyon
“Barselona”dakı möhtəşəm çıxışın ardından PSJ-yə keçən Neymar hazırda dünyanın ən bahalı transferidir. Parislilər ardıcıl ölkə çempionluqları qazansa da, əsas hədəfi olan Çempionlar Liqasının qalibi ola bilməyib.


30 yaşdan yuxarı: Kriştianu Ronaldo - 117 milyon
“Real”ın heyətində La Liqa (2 dəfə),  Çempionlar Liqası (4) və UEFA Superkubokunu (3) qazanan portuqaliyalı yeni həyəcan üçün 33 yaşında “Yuventus”la anlaşdı. Ronaldo hazırda A seriyasında bombardirlər yarışına başçılıq etsə də, komandası lider “İnter”dən çox uzaq düşüb.

Apasport

Post a Comment

0 Comments