Oyun vaxtı evi qarət olunanlar – SİYAHI

 PSJ-nin futbolçularının evinin qarət olunması artıq adət halını alıb.

Paris klubuna keçən bu təhlükəni göz önünə almalıdır.

Çünki axır illər nədənsə, qarətçilər əsasən PSJ-lilərin evlərini hədəf alıblar. Son belə hadisə bu günlərdə yarımmüdafiəçi Anxel Di Mariyanın başına gəldi.

Bu yazıda son illər evinin qarət olunması mətbuata sızan PSJ oyunçularını yada salacağıq.

Anxel Di Mariya
Argentinalı futbolçunun evi ailəsi evdə olarkən qarət olunub. “Nant”la matçın gedişində xəbər gəlincə Di Mariya tələsik əvəzlənərək stadionu tərk edib.

Markinyoş
Di Mariya ilə birlikdə qarətçilər braziliyalı müdafiəçinin də evinə girmişdilər. Markinyoş ailəsi üçün hadisə nisbətən daha az zərərlə ötüşüb. Ən azı Di Mariyanın ailəsi kimi oğrular tərəfindən əsir götürülməmişdilər.

Erik Maksim Çupo-Motinq
2018/19 mövsümündə Çempionlar Liqasının “ölüm qrupu”nda yer alan PSJ “Liverpul”u məğlub edərək böyük üstünlük əldə etdi. 2:1 hesabı ilə başa çatan qarşılaşmanın ardından fransızlardan üzülən yeganə futbolçu Çupo-Motinq idi. Kamerunlu 65-ci dəqiqədə meydana daxil olarkən oğrular da evindən 600 min avro dəyərində əşyalar oğurlamaqla məşğul idilər.

Dani Alveş
Avropa karyerasını bitirib ölkəsinə qayıdan Alveş 2018/19 mövsümündə “Monpelye” ilə görüşdən sonra şok yaşadı. Müdafiəçinin evinə girən oğru pul və zinət əşyaları tapmasa da, onun saat kolleksiyasını aparıb.

Tyaqo Silva
İllərlə PSJ-nin kapitanlığını edən Tyaqo Silvanın da evi Anxel Di Mariya kimi, “Nant”la matçda qarət olundu. Hadisə 2018-ci il dekabrın 22-də baş verib. Təxminən 1 milyon avroluq ziyana uğrayan braziliyalı müdafiəçi komandasının 1:0 hesablı qələbəsinə sevinə bilməyib.

Mauro İkardi
Argentinalı hücumçunun evi isə ötən ay qarətçilərin hədəfində olub. PSJ “Loryen” səfərindən 2:3 hesablı məğlubiyyətlə ayrılanda İkardinin də evi soyulub.


Apasport



Post a Comment

0 Comments