Mükəmməl karyeranı qalmaqalla bitirənlər

 Mükəmməl karyeraya malik bir çox ulduz futbolçu karyerasını gözlənilməz sonluqla yekunlaşdırıb.

Bəziləri intizamsızlığın qurbanı olubsa, bəziləri məhz son matçındakı qalmaqallı hərəkəti ilə bütün qazandıqlarının üstündən xətt çəkib.

Bu yazıda mükəmməl karyerası istənilən sonluqla bitməyən 5 ulduz futbolçuya nəzər yetirəcəyik.

Zinəddin Zidan
Fransalı futbolçular deyəndə ağla gələn ilk ad Zidan olur. Mükəmməl karyeraya malik Zizu Avropa və dünya çempionluğunu qazanıb, saysız-hesabsız titullara layiq görülüb. “Yuventus” və “Real” kimi nəhənglərin formasını geyinmiş sabiq yarımmüdafiəçi 2006-cı ildə karyerasını bitirəcəyini öncədən açıqlamışdı. Ancaq ən yaddaqalan matçı da elə son oyunu oldu. Fransa ilə İtaliya arasında keçirilən dünya çempionatının final görüşünə əlavə olunmuş vaxtda Zizu gözlənilmədən rəqibin müdafiəçisi Marko Materatsinin sinəsinə kəllə ataraq, meydandan qovuldu. “Real” rəhbərliyi onu fikrindən daşındırmağa çalışsa da, maestro 33 yaşında futboldan getdi. Hazırda “kral klubu”nu çalışdıran Zidan illər sonra həmin hərəkətinə görə peşmanlıq çəkmədiyini söyləmişdi.

Erik Kantona
Fransızların digər dahi futbolçusu. Kantona oyunu qədər aqressivliyi ilə də məşhur idi. Meydandakı aqressiv davranışları və intizamsızlıqları komandaya ziyan vursa da, qazanılan hər uğurda əsas pay sahiblərindən oldu. “Mançester Yunayted”də olarkən azarkeşə tullanaraq təpik vurması, Fransa millisində baş məşqçini söyməsi heyətdən uzaqlaşdırılmasına səbəb oldu. Bu tip hadisələri tez-tez yaşadığı üçün də karyerasını bitirməli oldu.

Dieqo Maradona
Çoxları tərəfindən tarixin ən güclü futbolçusu kimi qələmə verilən Maradona qolları, assistləri ilə daim ön sıralarda oldu. Dünya çempionatında vurduğu qol əsrin qolu sayıldı. Lakin bu qüsursuz karyeranın ona qazandırdığı pul və şöhrət Maradonanın başını gicəlləndirdi. Gecə həyatı, qumar və narkotika aludəçiliyi karyerasına mənfi təsir göstərdi. 1994-cü ildə karyerasını bitirmək qərarına gələn Dieqo son matçında dopinq qəbul etdiyi üçün turnirdən uzaqlaşdırıldı. Bu da onun son oyunu oldu.

Pol Qaskoyn
Qazza kimi də tanınan sabiq yarımmüdafiəçi İngiltərə futboluna adını qızıl hərflərlə yazdırıb. Əzmkarlığı ilə sevilən Qaskoyn istedadı və texnikası ilə hər kəsi valeh edib. Lakin intizamsız davranışları və çılğınlığı karyerasını məhvə sürüklədi. Meydanda təkcə rəqiblə deyil, komanda yoldaşı ilə də dalaşmaqdan çəkinməzdi. Məşq zamanı baş məşqçini söyən Qazza hətta bir görüşdə şortunu çıxararaq etirazını bildirib. Bu hərəkətlərinə spirtli içki aludəçiliyi də əlavə olunduğu halda, Qaskoyn futboldan getdi.

Adrian Mutu
Rumıniyanın əfsanəvi futbolçularından Mutunun karyerasında yüksəliş DÇ-2002-dən sonra başladı. “Çelsi”yə transfer olunduqdan sonra kokaindən istifadə etdiyi üçün 7 aylıq cəzaya məruz qaldı. Cəzası bitdikdən sonra “Yuventus”a keçsə də, yaşadığı problemlər üzündən orada da heyətdən kənarda qaldı. “Fiorentina”da əvvəlki illərini qaytarmağa başlasa da, qanında dopinq tapıldığı üçün 1 illik futboldan uzaqlaşdırıldı və klub da müqaviləsini ləğv etdi.

Apasport


Post a Comment

0 Comments