La Liga tarixinin məhsuldar qapıçıları

 İspaniya La Liqasının XXVIII turunda “Valyadolid” səfərində məğlubiyyətdən son anda qurtulan “Sevilya”nın qoluna 90+4-cü dəqiqədə Yassin Bono imza atıb.

Mərakeşli La Liqa tarixində qol vuran bacaran 7-ci qapıçı kimi tarixə düşüb.

Bəs ona qədər hansı qolkiperlər aktivinə qol yazdırıb?

Xuan Xose Santamariya (“Rasinq”)
Santamariya La Liqa tarixinin qol vuran ilk qapıçısıdır. “Rasinq”in formasını geyinən Xuan Xose 1976-cı il martın 14-də “Atletiko” ilə qarşılaşmada penaltidən fərqlənib.

Naço Qonzales (“Las Palmas”)
Naço bir matçda iki qol vurmuş yeganə qolkiperdir. Argentinalının aktivində ümumilikdə 6 La Liqa qolu var. O, bunun ikisini “Osasuna” ilə qarşılaşmada penaltidən vurub.

Karlos Fenoy (“Selta”/“Valyadolid”)
18 illik peşəkar karyerasında “Selta” və “Valyadolid”in formasını geyinən Fenoy birincilərin heyətində 5, “Valyadolid”lə isə 1 dəfə fərqlənib.

Toni Prats (“Betis”)
Prats bir mövsümdə iki qolla yadda qalıb. 1999/2000 mövsümündə o, cərimə zərbəsindən “Atletiko” və “Real” kimi klubları mərkəzə dəvət edib. Buna rəğmən komandası mövsümün sonunda aşağı liqaya yuvarlanıb.

Dani Aranzubiya (“Deportivo”)
“Atletik”in yetirməsi olan Aranzubiya 2008-ci ildə “Deportivo”ya transfer olunub. 2004-cü ildə İspaniya millisinin heyətində bir oyunda iştirak edən qolkiper 2011-ci il fevralın 20-də “Almeriya” ilə oyunun 90+5-ci dəqiqəsində baş zərbəsi ilə toru silkələyib.

Marko Dmitroviç (“Eybar”)
Dmitroviç cari mövsüm fərqlənməyə macal tapıb. “Eybar”ın çərçivə qoruyucusu yanvarın 21-də “Atletiko” ilə görüşdə qazanılan penalti zərbəsini dəqiq yerinə yetirib. “Eybar” bu qolla önə keçsə də, meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.


Apasport

Post a Comment

0 Comments