Mahir Əmrəli transfer təklifləri ilə bağlı qərarını açıqladı -Rəsmi

 Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Qarabağ" komandasında qalacaq.

Bu barədə "Report"a klubun direktoru Emrah Çelikel məlumat verib. O bildirib ki, 24 yaşlı hücumçudan ötrü bəzi təkliflər aldıqdan sonra Emrelinin özü ilə görüşüblər. Danışıq nəticəsində forvardın mövsümün sonunadək hazırkı klubunda çıxış etməsi qərara alınıb. Çelikel gələn təkliflərə bu yay baxacaqlarını əlavə edib. Təklif aldığı əcnəbi klubların adlarını açıqlamayan "Qarabağ" rəsmisi bunu futbolçunun deməsini məqsədəuyğun sayıb.

Digər tərəfdən, Emrelinin "Qarabağ"la hazırkı müqaviləsi yayda bitəcək. Bu isə o deməkdir ki, forvard komandanı azad agent kimi tərk edəcək. Lakin direktorun sözlərinə görə, klub Emrelini havayı buraxmasından narahat deyil: "Klubların adlarını ehtiyac olsa, Mahirin özü açıqlayacaq. Lakin əsas məsələ odur ki, o, mövsümün sonunadək "Qarabağ"da qalacaq. Düzdür. Emrelinin klubumuzla müqaviləsi bu yay bitəcək. Lakin məsələyə pul qazanmaq istəyi ilə yanaşsaydıq, indi getməsi üçün səy göstərərdik. Bizim üçün "Qarabağ" və gənç oyunçumuzun gələcək karyerasının yaxşı alınması önəmlidir".

Qeyd edək ki, Mahir Emreli Polşanın "Zaqlembe" və "Rakuv", Avstriyanın "Şturm" və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb.




Post a Comment

0 Comments